Rusiyada aztəminatlı auditoriyaya müraciət edən endirimli mallar mağazası “Svetofor” şəbəkəsinin sahibi “Sibir Şnayder” ailəsi bir neçə fotoşəkildən başqa heç vaxt ictimaiyyətə və mediaya görünmədən “Forbes”in siyahısına daxil olub. Ailənin böyük oğlu və şirkətin prezidenti Sergey Şnayder “Forbes” jurnalına görə ölkənin ən zəngin adlarından biridir.
Hafta.az-ın yazdığına görə, “Forbes” 57 yaşlı iş adamının sərvətini 1,4 milyard dollar hesablayıb.
Mağazalarında rəf və piştaxta olmayan “Svetofor”da məhsullar yeşik və taxta altlıqlarda satılır, qiymətlər isə bazardan orta hesabla 10-20 faiz aşağıdır.
Krasnoyarskda yerləşən şirkətin dövriyyəsi 2014-2023-cü illər arasında 17 milyard rubldan 400 milyard rubla qədər artıb.
“Forbes”in məlumatına görə, şirkət Sergey və Andrey Şnayder qardaşlarına məxsusdur. Onların anası Valentina və atası İvan da “Svetofor” qrupuna aid şirkətlərdə pay sahibidirlər. “Forbes”in hesablamalarına görə, “Svetofor” qrupunun şirkətləri 2021 və 2022-ci illərdə sahiblərinə vergidən əvvəl təxminən 14 milyard rubl dividend ödəyiblər.
İnsanların real gəlirlərinin azalması ilə diqqət çəkən mağazalardan birincisi 2009-cu ildə Krasnoyarskda açılıb.
“Forbes” bildirir ki, bu, Snayder ailəsinin üçüncü uğurlu biznesidir. 1994-cü ildə Şnayder ailəsi tərəfindən qurulan pivə distribütor şirkəti “Lenkom” qısa müddətdə “Baltika”, “Oçakova” və “Heineken” kimi məşhur markalarla əməkdaşlıq etməyi bacarıb. 2004-cü ildə ailə yeni bir layihəyə başlayıb: Krasnoyarsk diyarında və qonşu bölgələrdə sürətlə inkişaf etməyə başlayan "Napilnik" pivə mağazalar şəbəkəsi qurulub. Daha sonra ən uğurlu layihə olan “Svetofor” mağazalar zənciri işə salınıb.